Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.
Forumun Birinci hissəsində baş nazirin müavini Əli Əhmədov, AQUPDK-nın sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan, Türkiyənin Ailə və Sosial Siyasət naziri müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov iştirak ediblər.
Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən 6-18 yaş arası 380 uşaq qatılıb.
Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir: “Ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyinin, firavanlığının və özünə inamın simvoludur. Hər bir vətəndaş sağlam uşaq böyütməyi özünün ali vəzifəsi hesab edir. Bu fəlsəfə və dəyərlər dövlət uşaq siyasətinin təməlini təşkil edir və bu istiqamətdə görəcəyimiz işləri müəyyənləşdirir. Bu səbəbdən Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar kifayət qədər yüksək çəkiyə malikdir”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın uşaqları və gəncləri daha sağlam böyüməli, daha yaxşı səhiyyə xidməti almalı, daya yaxşı məktəblərdə oxumalı, daha yaxşı təhsil almalıdır: “Uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər keyfiyyət parametrlərinə malik olmalıdır. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiuşaq hüquqlarının qorunması, uşaqların sağlam və qayğısız böyüməsi üçün dövlət siyasətini həyata keçirilməsində kifayət qədər səmərəli fəaliyyət göstərir”.
AQUPDK-nın sədri Hicran Hüseynova deyib ki, keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
Onun sözlərinə görə, Forumda müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunacaq.
İki hissədən ibarət olacaq Forumda Daha sonra 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil edilib.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu isə 2014-cü ildə keçirilib.
APA