Avstraliya azərbaycanlı məcburi köçkünlər haqqında məsələni gündəmə gətirəcək
Noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində avstraliyalı müşahidəçilərdən ibarət nümayəndə heyəti ölkədə məcburi köçkünlər haqqında məlumat təqdim etməyi xahiş edib.
Trend-in məlumatına görə, bunu Avstraliya müşahidə missiyasının rəhbəri Lyuk Simpkins Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məsələni Avstraliyanın Xarici İşlər Nazirliyi qarşısında qaldırmaq niyyətindədir.
Missiya rəhbəri qeyd edib ki, Avstraliya nümayəndə heyəti Bakıdan başqa, bölgələrdə, o cümlədən Gəncədə seçki məntəqələrində olub: “Gəncədə olarkən şəxsi təşəbbüsümüzlə Azərbaycanın Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşdük ki, onlardan ətraflı məlumat alaq. Həmçinin bizə məcburi köçkünlər barədə yazılı formada məlumat verməyi xahiş etdik. Avstraliyaya qayıdarkən bu məsələni Xarici İşlər Nazirliyi qarşısında qaldıracağıq ki, nazirlik bununla əlaqədar müəyyən qərarlar qəbul etsin”.
Trend.az