Avropa Şurasının tədbirində Azərbaycandakı tolerant mühitdən danışılıb
Azərbaycan çoxmillətli və çoxdinli ölkədir. Azərbaycanda tarixən milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, ölkədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcuddur.
Bu fikirlər Strasburqda Avropa Şurası və Rasizm və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının (ECRI) birgə təşəbbüsü ilə “Qanunverici, icra və digər qurumlarla məsləhətləşmələrdə ixtisaslaşmış milli institutların rolu” mövzusunda keçirilən seminarda səsləndirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, seminara Avropa Şurasının üzv-dövlətlərinin nümayəndə heyətlərinin, beynəlxalq qurumların, müxtəlif qeyri-hökumət təşkilatlarının, milli insan hüquqları təsisatlarının nümayəndələri qatılıblar.
Sessiyada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini diqqətə çatdırıb. O, Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların davam etdirildiyini, ombudsman təsisatının bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib.
Aparat rəhbəri biznes strukturlarında ayrı-seçkilik hallarının aradan qaldırılmasında ixtisaslaşmış qurumların rolu mövzusuna həsr olunmuş sessiyada çıxış edərək Azərbaycan ombudsmanının fəaliyyəti dövründə sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məsələsinin diqqət mərkəzində saxlandığını bildirib.
Tədbir çərçivəsində Ombudsman Aparatının rəhbəri ECRI-nin üzvləri və müxtəlif ölkələrin ombudsmanları ilə fikir mübadiləsi aparıb və müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti ilə bağlı geniş məlumat verib.
AZƏRTAC