Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin martına qədər uzadılması barədə rəsmi qərar qəbul edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqındakı mənbələrdən bildirilib.
Qərar Ümumi işlər üzrə Şuranın iclasında qəbul edilib. Qərara əsasən sanksiya siyahısına Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmaqda təqsirləndirilən Rusiya və Ukraynadan olan fiziki və hüquqi şəxslər düşüblər.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqına üzv olan dövlətlər 2014-cü ilin martında bir sıra rusiyalı məmur və siyasi fəallara qarşı sanksiyalar tətbiq ediblər. Buna səbəb isə Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişə olub. Sanksiyalarla Avropaya getmələrinə qadağa qoyulan şəxslər müəyyənləşdirilib, banklardakı aktivləri isə dondurulub.
Apa.az