Avropa Parlamentində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində beynəlxalq konfrans keçirilib
Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Etnik təmizləmə və insanlıq əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib.
APA-nın verdiyi məlumata görə, tədbir İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyası çərçivəsində İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.
Azərbaycan prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən konfransda Avropa Parlamentinin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Konfransın açılış mərasimdə Avropa Parlamentinin Avstriyadan olan millət vəkilləri Karin Kadenbadic və Saccad Karim çıxış edərək Xocalıda törədilən qətliamı pisləyib, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildiriblər.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa Birliyi üzrə nümayəndəsi Arif Məmmədov çıxışlarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, 1 milyondan artıq məcburi köçkünün olması barədə məlumat verib, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirib. “Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyasının koordinatoru Sevinc İsgəndərova tərəfindən kampaniyanın təqdimatı olub. Məruzəçilər Jean Mukimbiri, Mark Barwick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan Xocalıda törədilən vəhşilikləri pisləyib, bu cinayətin soyqırım aktı olduğunu qeyd ediblər. Məruzəçilər Xocalı soyqırımına Ruanda, Srebrenisa və Sudanda törədilmiş soyqırımlar kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacib olduğunu vurğulayıblar. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.