Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin işi üzrə dinləmə keçirəcək
2014-cü il yanvarın 22-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Dağlıq Qarabağdan olan məcburi köçkünlərin işi üzrə dinləmə keçirəcək.
APA-nın xəbərinə görə, palata azərbaycanlı məcburi köçkünlər Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun Ermənistana qarşı iddiası ilə bağlı hüquqi arqumentləri dinləyəcək.
İddiaçılar Avropa İnsan Haqları Konvensiyasının 8-ci (özəl və ailə həyatına hörmət hüququ), 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələri və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyətin qorunması) əsasında iddia qaldıraraq 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundakı evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, Ermənistan dövlətinin onların itkilərini kompensasiya etmək üçün hər hansı addım atmadığını bildiriblər. Hazırda A. Həsənovdan başqa bütün iddiaçılar Bakıda yaşayırlar.
Şikayət Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da göndərilib, 2010-cu il martın 9-da isə məhkəmənin Böyük Palatasına verilib. İş üzrə ilk dinləmə 2010-cu il sentyabrın 15-də keçirilib. 2011-ci il dekabrın 14-də məhkəmə şikayəti baxılmaq üçün məqbul sayıb və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib.