Avropa İnsan Haqları Məhkəməsi Ermənistanı cərimələməklə, işğal faktını təsdiq edib
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın işğal edilmiş regionu olan Dağlıq Qarabağ ərazisinə hərbi xidmətə yola salınmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Suren Muradyanın 2002-ci ildə öldürülməsi barəsində işin düzgün araşdırılmamasına görə ötən həftə Ermənistanı 50 min avro məbləğində cərimələyib. Məhkəmə işi zərərçəkənin atasının iddiası ilə əlaqədar açılıb. S. Muradyanın atası hesab edir ki, Ermənistanın hakimiyyət orqanları onun oğluna vaxtında tibbi yardım göstərilməməsində təqsirkardır.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktı Avropanın insan haqları məsələləri ilə bağlı ali məhkəmə orqanı tərəfindən növbəti dəfə təsdiq edilib.
Ermənistan Prezidenti Serj Sarkisyan bu yaxınlarda Rusiya telekanalına müsahibəsində deyib ki, “əgər Bakı qarabağlıları öz vətəndaşları sayırsa, onda nə üçün onlarla birbaşa dialoq aparmır?”. Yerevanın belə çağırışları AİHM-nin sonuncu qərarı nöqteyi-nəzərindən cəfəngiyat kimi səslənir. Xarici qoşunları başqa dövlətin ərazisindən çıxarın və yalnız bundan sonra Bakı öz vətəndaşlarını məmnuniyyətlə dinləyər. Nə qədər ki, bu ərazilər Ermənistan silahlı qüvvələrinin tapdağı altındadır, xarici dövlətin ordusuna pəncərəsindən tamaşa edən ölkə vətəndaşları ilə söhbət mənasızdır.
AZƏRTAC