Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakı üçün diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sentyabrın 12-də Kiyevdə keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısında çıxışı zamanı deyib.
N.İbrahimov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyev diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən N.İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək.
Komitə sədri AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu vurğulayaraq qurumun fəaliyyətində yeni texnologiyaların tətbiqinin zəruriliyini diqqətə çatdırıb.
N.İbrahimov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi bundan sonra da dəstək göstərəcək.
Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Avropadakı Azərbaycan icmalarının üzərinə böyük məsuliyyət düşür. S.Qasımov bildirib ki, bu baxımdan hər bir soydaşımız xaricdə gücünü səfərbər edib Azərbaycanı layiqincə təmsil etməlidir.
AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə çıxış edərək diasporun fəaliyyəti barədə danışıb. R.Tağıyev bildirib ki, bütün diaspor təşkilatları təmsil olunduqları ölkədə mövqelərini daha da gücləndirməlidir.
Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda son zamanlar Avropa ölkələrində Azərbaycana qarşı qara piar kampaniyasının aparılması qətiyyətlə pislənilib və diaspor təşkilatlarımızın bu iyrənc siyasətə qarşı mübarizəni gücləndirməsinin vacibliyi vurğulanıb.
AZƏRTAC