ATƏT Parlament Assambleyasının sabiq sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur

Posted by

ATƏT Parlament Assambleyasının sabiq sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur

ATƏT Parlament Assambleyasının sabiq sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur

ATƏT Parlament Assambleyasının sabiq sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikardo Miqliori və İtaliyanın Asiya və Aralıq dənizi ölkələri üzrə İnstitutunun rəhbəri Antonio Loke mayın 16-da məcburi köçkünlərlə görüşmüşlər.

Qonaqlar əvvəlcə Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında olmuş, buradakı şəraitlə maraqlanmışlar. Onlar Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və nəticələri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənmişdir. Həmçinin erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması, öz doğma yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Bununla belə, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal altında saxladığı ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Nəzarətdən kənarda qalmış bu ərazilərdə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri tüğyan edir. Həmin nəzarətsiz zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilmişdir.

Qonaqlara qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülmüş işlər barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 180 mindən çox qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Sonra Avropalı qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olmuşdur.

Məhəllə ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, yaşayış kompleksində sakinlər üçün bütün zəruri sosial infrastruktur obyektləri yaradılmışdır. Diqqətə çatdırılmışdır ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, tibb məntəqəsi və s. tikilmişdir. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni qəsəbə və məhəllələr salınır.

R.Miqliori və A.Loke Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin evində çay süfrəsinə qonaq olmuş, məhəllədə tikilən 540 şagird yerlik orta məktəbin binasına baxmışlar.

Avropalı qonaqlar qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulamış, Avropa ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini bildirmişlər. Onlar, həmçinin Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.

 

AzərTac.az