ATƏT nümayəndələri ermənilərin Tərtərə atdığı, istifadəsi qadağan edilmiş hərbi sursatın düşdüyü əraziyə gedib
Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gediblər.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə əraziyə baxış keçirirlər.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətinə səfəri başlayıb.
Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlıdır. Hərbi attaşelər beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış olurlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri monitorinq başa çatandan sonra Tərtər rayonuna gediblər.
Apa.az