Astanada MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 7-8-də Astanada MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXVIII iclası keçiriləcək.
İclasın iştirakçıları Şuranın 2014-2015-ci illərdəki fəaliyyətini, MDB iştirakçıları olan dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar barədə qarşılıqlı məlumatlandırılmasına dair yoxlamaların plan-qrafikini, təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB Qüvvələri Korpusu bölmələrinin “Dağıdıcı zəlzələlərə reaksiya tədbirlərinin təşkili və yerinə yetirilməsi” mövzusunda əməliyyat-taktiki təlimlərinin keçirilməsi məsələsini müzakirə edəcəklər.
Şura üzvləri əməkdaşlığın müqavilə-hüquqi bazasını təkmilləşdirmək məqsədilə 2020-ci ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planının, Birlik iştirakçısı olan dövlətlərin fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində Əməkdaşlığı Haqqında Sazişin və təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında 22 yanvar 1993-cü il tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqında Protokolun layihələrinə dair məsələləri nəzərdən keçirəcəklər.
İclas iştirakçılarına Birliyin və Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın ali orqanlarının qəbul etdiyi qərarların yerinə yetirilməsinin gedişi, MDB iştirakçıları olan dövlətlərin elm və yüksək texnologiyalar sahəsində əhalinin və ərazilərin fövqəladə hallardan qorunması üzrə baza təşkilatlarının fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyəti barədə məlumat veriləcək.
Bundan əlavə, Şura üzvləri BMT-nin müvafiq qurumları ilə və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyətini, fəlakət risklərinin idarə edilməsinə dair elmi-praktik konfransının və MDB iştirakçıları olan dövlətlərin elm və yüksək texnologiyalar sahəsində əhalinin və ərazilərin fövqəladə hallardan qorunması üzrə baza təşkilatlarının Elmi-Texniki Şurasının iclasının təşkili məsələlərini müzakirə edəcəklər.
Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın 2015-2016-cı illər üçün nəzərdə tutulan əsas tədbirlər, Şuranın növbəti iclasının keçiriləcəyi tarix, yer və iclasın gündəliyinin layihəsi razılaşdırılacaq.
AZƏRTAC