Asiya İnkişaf Bankının Rəhbərlər Şurasına sədrlik Azərbaycana keçib
2014-cü il 2-5 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçirilib.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Dəyişən dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən illik toplantının rəsmi açılış mərasimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və AİB-in prezidenti Takehiko Nakao çıxış ediblər. Asiya İnkişaf Bankının fəaliyyətindən geniş danışan natiqlər qitənin ölkələrində davamlı iqtisadi inkişafa nail olmaq üçün sosial məsələlərin həllinin vacibliyini qeyd ediblər.
Tədbirdə Asiya-Sakit okeanı regionunun iqtisadi inkişafının proqnozu, region üçün yeni yaranan iqtisadi çağırışlar və digər məsələlər barədə müzakirələr aparılıb, qitə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həllində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Mayın 4-də öz işinə başlayan Rəhbərlər Şurasının iclasında qurumun ötənilki fəaliyyəti, maliyyə vəziyyəti, gələcəkdə həyata keçiriləcək layihələr və digər məsələlər müzakirə olunub. Çıxışlarda Asiya qitəsi ölkələrində mövcud olan problemlər, o cümlədən yoxsulluğun aradan qaldırılması, iqtisadi yüksəlişə nail olmaq, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər mühüm layihələrin həyata keçirilməsində AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilib. Bankın iki növ resursundan istifadə edərək onların birləşdirilməsi və Asiya regionu ölkələri üçün əlavə kreditləşmə imkanlarının yaradılması qərara alınıb. Bankın 67 üzv ölkəsini təmsil edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bu iqtisadi qurumun gələcək fəaliyyəti ilə bağlı fikirlərini də bölüşüblər.
Toplantıda Asiya regionunun inkişafyönümlü üzv ölkələri ilə yanaşı, səhmdar qeyri-region ölkələri – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka, Türkiyə və digər ölkələrin nümayəndə heyətləri də iştirak ediblər.
İclasda çıxış edən AİB-in Rəhbərlər Şurasının 47-cı illik toplantısının sədri, Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Yerbolat Dossayev növbəti toplantının Bakıda keçiriləcəyini, bununla bağlı növbəti müddətə sədrliyin Azərbaycana keçdiyini bəyan edib. Sədrliyi qəbul edən Azərbaycanın maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov Bakı şəhərinin bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyini vurğulayıb və üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edib.
Toplantı çərçivəsində Astananın Müstəqillik sarayında “Azərbaycan günü” keçirilib. Bankın Rəhbərlər Şurasına üzv olan ölkələrin nümayəndə heyətləri, AİB-in rəhbərliyi, Qazaxıstan və digər ölkələrin bir sıra nüfuzlu şəxslərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycanın inkişafından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən maliyyə naziri S.Şərifov dövlət başçısı tərəfindən AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik toplantısı ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalandığını, atrıq hökumətin bu tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işlərinə başladığını, Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayıb. Qeyd olunub ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.
Ölkəmizin uğurlu iqtisadi inkişafını qeyd edən Asiya İnkişaf Bankının prezidenti T.Nakao bankın Bakıda keçiriləcək 48-cı illik toplantısının uğurlu olacağına əminliyini ifadə edib. AİB-in illik toplantısının Qafqazda ilk dəfə olaraq məhz Azərbaycanda baş tutacağına diqqət çəkən T.Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyini görmək üçün gələn il Bakıda keçirilən tədbiri səbirsizliklə gözlədiklərini deyib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə Bakı toplantısı ilə əlaqədar yaradılmış internet saytı da təqdim olunub, qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadıb və onlara Azərbaycan haqqında broşur, kitabça və digər əyani vəsaitlər paylanılıb.
İllik toplantı çərçivəsində maliyyə naziri S.Şərifov bir sıra işgüzar görüşlər də keçirib. AİB-in prezidenti T.Nakao, baş katibi xanım Maria-Anne Briken, Dünya Bankının vitse-prezidenti Lora Tak, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) baş direktoru Kiyoşi Kadero, Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankının (JBIC) rəhbəri Hiroş Vatanabe ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Toplantı çərçivəsində keçirilən platformalardan biri də iştirakçı ölkələrdən seçilmiş tələbələrin “Mərkəzi Asiya ölkələrində investisiya mühiti” mövzusunda debatları olub. Debatlarda ölkəmizi təmsil edən və yüksək nəticə göstərərək finalda yarışmaq hüququ qazanan Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri ikinci yeri tutublar. Ən yaxşı spiker nominasiyasında isə ADA-nın tələbəsi Ruqiyə Qəhrəmanlı qalib olub.
Azərbaycan nümayəndə heyətinin də qatıldığı bu beynəlxalq tədbirdə ümumilikdə dünya üçün vacib olan bir sıra mühüm məsələlər müzakirə edilib və növbəti ilin ev sahibi kimi Azərbaycan üzv olkələrin nümayəndə heyətlərinə layiqincə təqdim olunub.
Trend.az