“ASAN xidmət”də uşaqlara hüquqi yardım mərkəzləri fəaliyyət göstərəcək
“ASAN xidmət” mərkəzlərində 2014-cü ildən etibarən uşaqlara hüquqi yardım mərkəzləri fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bunu Xətai – “ASAN xidmət” mərkəzində UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, eləcə də Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, bu xidməti layihənin bütün tərəfdaşları dəstəkləyir:
“Nə üçün məhz “ASAN xidmət” mərkəzləri seçilib? Çünki “ASAN xidmət” mərkəzləri bütün insanların müraciət etdiyi, onların çox asan yolla dövlət orqanlarının xidmətlərindən istifadə edə bildiyi yerdir. Prezident İlham Əliyev də bir müddət əvvəl “ASAN xidmət” mərkəzlərinin şəffaf fəaliyyətini vurğulayıb. Cənab Prezident qeyd edib ki, hələ bir ili tamam olmasa da, yüzminlərlə insan bu xidmətdən bəhrələnib. Uşaqlar bizim üçün həssas bir təbəqə olduğu üçün bütün tərəfdaşların marağı ondan ibarətdir ki, uşaqlara da göstərilə bilən hüquqi xidmətlər “ASAN xidmət”də olsun. İnanıram ki, artıq gələn ildən fəaliyyət göstərəcək bu layihə öz bəhrəsini verəcək”.