“ASAN xidmət”də ödənilən dövlət rüsumlarının 50 faizi işçilərin maddi təminatını yaxşılaşdırmağa yönəldiləcək
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2001-ci il 26 dekabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 4.1-1-ci maddə əlavə edilir:
“4.1-1. Bu Qanunla nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsinin təşkil edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2001-ci il 26 dekabr tarixli fərmanına isə aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilir:
“2.10. həmin Qanunun 4.1-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri, ikinci və üçüncü hallarda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.
Trend.az