Argentina ilə Azərbaycan arasında birbaşa hava reysləri açıla bilər
Argentina ilə Azərbaycan arasında birbaşa hava reysləri açıla bilər. Bu barədə Trend-ə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib.
Səfir qeyd edib ki, hazırda Azərbaycan ilə Argentina arasında səfər etmək üçün Türkiyə və Qətər, eləcə də Avropa ölkələrinin hava yollarından istifadə edilir.
Onun sözlərinə görə, hazırda Azərbaycan ilə Argentina arasında birbaşa hava reyslərinin açılması ilə bağlı razılaşma yoxdur: “Ancaq nəzərdə tuturuq ki, gələcəkdə iki ölkə arasında turizm sahəsində və digər sahələrdə əlaqələr inkişaf etdikcə birbaşa hava reysləri də açılsın”.
Karlos Dante Riva həmçinin qeyd edib ki, Azərbaycan ilə Argentina arasında yüksək siyasi əlaqələr mövcuddur və mədəni, iqtisadi və digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Diplomat bildirib ki, Azərbaycan ilə Argentina arasında səfirliklər açılmamışdan öncə də əlaqələr var idi, lakin səfirliklər açıldıqdan sonra bu əlaqələr daha da inkişaf etməyə başladı.
Qeyd edək ki, bu gün Bakıda Argentinanın turizm və mədəniyyətinə həsr edilmiş seminar keçirilib. Seminarda Argentinanın Turizm Nazirliyinin nümayəndəsi Rodolfo Milleso ölkənin turizm məkanları, milli mədəniyyəti, mətbəxi və təbiəti haqqında ətraflı məlumat verib.
Trend.az