ARDNŞ dəniz yataqlarındakı estakadaların texniki vəziyyətinə nəzarəti gücləndirəcək
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ) sərbəst işlənilən dəniz yataqlarındakı estakadaların texniki vəziyyətinə nəzarəti gücləndirəcək. Trend xəbər verir ki, bu barədə cümə günü “Neft Daşları” yatağından ilk neftin hasil olunmasının 65 illiyinə həsr edilmiş tədbirdə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, dünən estakadada baş vermiş uçqundan sonra estakadaların texniki vəziyyətinə nəzarət daha da sərtləşdirilməlidir: “Hər hansı uyğunsuzluq aşkar edildikdə estakadadan istifadə dayandırılmalıdır, yalnız zəruri təmir və yenidənqurma işləri aparıldıqdan sonra o yenidən istismara verilə bilər”.
R.Abdullayev deyib ki, Dövlət Neft Şirkəti müntəzəm olaraq köhnə estakadaların təmiri, yenidən qurulması və yenilərinin tikintisi işləri həyata keçirir. “Neft Daşları” yatağında 6 min metr uzunluğunda köhnə estakadaların təmiri və yenilərinin tikintisi həyata keçirilib. Bu il yataqda təmir olunan və yenidən qurulan estakadaların uzunluğu üç min metrə çatıb.
Trend.az