Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz. Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
A.Əzimovun sözlərinə görə, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən zaman çərçivəsində gileyləri həmişə çox olub: “Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında məncə əlaqələr həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir”.
XİN rəhbərinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünün sıradan növbəti görüş olduğunu deyib: “Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində durub. Beləliklə, Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz”.
Trend.az