AŞPA həmməruzəçiləri Azərbaycana səfər çərçivəsində Naxçıvana gedəcəklər
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin Azərbaycana səfər proqramı açıqlanıb.
APA-nın Avropa bürosunun məlumatına görə, yanvarın 21-dən 23-dək baş tutacaq
səfər çərçivəsində həmməruzəçilər ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdıracaq, bir sıra görüşlər keçirəcəklər.
Həmməruzəçilərin Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyalarının təmsilçiləri, Avropa Birliyi nümayəndə heyətinin rəhbəri və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Bundan başqa, P. Aqramunt və J. D. Qrex Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri və vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşləri olacaq.
Səfərin sonunda – yanvarın 23-də həmməruzəçilər Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər.