Almaniyadakı azərbaycanlılar Novruz bayramını qeyd ediblər
Novruz bayramı münasibətilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Bahar görüşü” keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Novruz bayramı haqqında məlumat verən AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova bütün azərbaycanlıların bayramını təbrik edib: “AAKM-də Azərbaycan mədəni irsinin qorunmasına həsr edilmiş tədbirlərin təşkili ənənəyə çevrilib. Bu sırada Novruz bayramının qeyd olunması xüsusi əhəmiyyət daşıyır”.
Görüşdə iştirak edən Berlin-Bakı qalereyasının rəhbəri, rəssam İbrahim Əhrari Novruzun Azərbaycan xalqının mədəniyyətindəki yerindən, rolundan danışıb və gələcək nəslin milli ruhda tərbiyəsi üçün bu adətlərimizin onlara ötürülməsinin vacib olduğunu qeyd edib.
Sonra qonaqlara Azərbaycanın memarlıq sənətindən bəhs edən “Qobustan” sənədli filmi nümayiş etdirilib və bununla da xalqımızın “daş abidələri” ilə yanaşı, Novruz bayramı kimi “mənəvi abidəsi” haqqında danışılıb.
Tədbirdə çıxış edən Tələbə Şəbəkəsi Cəmiyyətinin katibi Elşən İsmayılov qarşıda gözlənilən Novruz şənlikləri haqqında məlumat verib və qonaqları cəmiyyətin təşkil etdiyi bu tədbirlərə dəvət edib.
Daha sonra “Bahar görüşü” Berlində yaşayan həmvətənlərimizin, uşaq və gənclərin, yeniyetmə və tələbələrin ünsiyyəti üzərində qurularaq xoş ovqatda davam edib.
Tədbirdə AAKM-nin üzvləri, Azərbaycan və Türk Diasporunun təmsilçiləri, alman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Trend.az