Allahşükür Paşazadə İran prezidenti ilə görüşüb
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda ikigünlük rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
QMİ-dən APA-ya verilən məlumata görə, İran prezidentini salamlayan A.Paşazadə qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan və İranın hərtərəfli, o cümlədən dini sahədə əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahına xidmət etməkdədir.
Azərbaycan Respublikasına səfərindən məmnunluğunu bildirən Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüş zamanı Azərbaycan və İran xalqları üçün qarşılıqlı maraq kəsb edən bəzi məsələlər müzakirə edilib.
Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin, İranın ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.
Qeyd edək ki, bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb və ali qonaq ölkəsinə geri qayıdıb.
Apa.az