Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir.
Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları – bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür.
Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər isə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni özləri təsdiq etməlidirlər. Digər abituriyentlər sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına ( SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.
Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:
I ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;
V ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilib:
I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, Azərbaycan (rus) dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər hesab olunur;
II ixtisas qrupu – riyaziyyat, coğrafiya, Azərbaycan (rus) dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunur;
III ixtisas qrupu – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat, xarici dil, riyaziyyat. Azərbaycan (rus) dili və tarix əsas fənlər hesab olunur;
IV ixtisas qrupu – biologiya, kimya, fizika, Azərbaycan (rus) dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər hesab olunur.
Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir. Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.
Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Yeni Qaydanın qəbulu ilə əlaqədar “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ləğv edilib.
2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.
Apa.az