«Akkreditasiya haqqında» qanun layihəsi yenidən parlamentin plenar iclasına tövsiyə olunub
Bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin növbəti iclası keçirilib. «APA-Economics»in məlumatına görə, Komitənin bugünkü iclasında «Akkreditasiya haqqında» qanun layihəsinin (II oxunuş) müzakirə olunub.
Sənəd barədə məlumat verən Komitə sədri Ziyad Səmədzadə bildirib ki, 4 fəsil, 13 maddədən ibarət olan qanun layihəsi ölkədə istehlakçıların hüquqlarının müdafiəsi, ticarətdə texniki maneələrin qarşısının alınması, həmçinin Azərbaycanda verilən sertifikat, sınaq, kalibrlənmə və inspeksiya hesabatlarının ölkə ərazisindən kənarda tanınmasını tənzimləyəcək: «Milli akkreditasiya sisteminin müvafiq beynəlxalq sistemə uyğunlaşması məqsədi ilə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qaydaları, prinsipləri və ona nəzarətin əsaslarını müəyyənləşdirəcək».
Komitə sədri qeyd edib ki, ölkədə məhsulların keyfiyyətini artırılması üçün sertifikatların keyfiyyəti də artırılmalıdır: «Dünyada keyfiyyət və standartlara nəzarət qanun çərçivələrində həyata keçirilir. Qanunu qəbul etməklə özümüz təkmilləşirik».
Millət vəkili Vahid Əhmədov isə vurğulayıb ki, qanun layihəsinin hazırlanmasında Avropa Birliyi ilə birgə həyata keçirilən tvinninq layihəsində beynəlxalq mütəxəssislər iştirak ediblər: «Sənəd ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin xarici və yerli mütəxəssisləri tərəfindən Ümumdünya Ticarət Təşkilatının və Avropa Birliyinin tələbləri əsasında təkmilləşdirilib və beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılıb. Qanun layihəsi Azərbaycanın akkreditasiya sisteminin əsas prinsipləri, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının (orqanlar və ya laboratoriyalar) akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsipləri, akkreditasiya proseduraları, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onların standartlarını müəyyən edir».
Qanun layihəsinə əsasən, akkreditasiya attestatı, yəni akkreditasiya orqanı tərəfindən uyğunluğun qiymətləndirilməsi orqanına akkreditasiya attestatlarının verilməsi barədə qərar qəbul edir. Sənəd layihəsi həmçinin akkreditasiya sahəsində nəzarəti gücləndirəcək, xarici ölkələrin uyğunluğun qiymətləndirilməsi orqanlarının Azərbaycanda akkreditasiyası və Azərbaycan ərazisindən kənarda akkreditasiyasını nəzərdə tutur.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına II oxunuş üçün tövsiyə olunub.
Apa.az