Ahılların sosial müdafiəsi ilə bağlı yeni dövlət proqramı hazırlanır

Posted by

Ahılların sosial müdafiəsi ilə bağlı yeni dövlət proqramı hazırlanırAhılların sosial müdafiəsi ilə bağlı yeni dövlət proqramı hazırlanır

Ahılların sosial müdafiəsi ilə bağlı yeni dövlət proqramı hazırlanır

Azərbaycanda “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın layihəsi hazırlanır. Layihənin hazırlanmasında ahılların layiqli həyat sürmələri ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalar əsas götürülür.

 

“APA-Economics”in məlumatına görə, bu haqda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində məlumat verib.

 

Nazir həmçinin xatırladıb ki, “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi də bu ilin oktyabrında artıq hökumətə təqdim edilib. Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi və s. kimi mühüm yeniliklər nəzərdə tutulur.

 

“Strategiya qəbul edildikdən sonra onun icrası üçün Dövlət Proqramı hazırlanacaq. Sosial tərəfdaşların qarşılıqlı fəaliyyətinin sistemli şəkildə qurulması üçün yaradılacaq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi isə daha təkmil variantda hökumətə təqdim olunub. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın təkmilləşdirilməsi üçün də müvafiq işlər aparılır. Digər tərəfdən, “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunması, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericliyində dəyişiklik edilməsi gözlənilir”, – deyə nazir qeyd edib.

 

Qeyd edək ki, Nazirliyin sifarişi ilə icra olunan layihələr çərçivəsində müxtəlif bölgələr üzrə 1500 nəfərdən çox uşaq sosial xidmətlərlə əhatə olunub. Bu xidmətlərin monitorinqi və qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə sosial xidmətlərə dair minimum standartların hazırlanmasına başlanılıb. Qarşıdakı dövrdə yeni layihələrdən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqı ilə “Sosial xidmət sahəsinin inkişafı” üzrə Tvinninq layihəsinin reallaşdırılması da nəzərdə tutulur. Layihə üzrə keçirilən müsabiqə zamanı Avstriya təcrübəsinin daha mütərəqqi olması səbəbindən bu ölkə ilə sosial xidmətlər sahəsində əməkdaşlıq edilməsi qərara alınıb.

 

 

Apa.az