“ABŞ Prezident Administrasiyası Cənubi Qafqaz regionu ölkələri ilə əməkdaşlığa aktiv şəkildə cəlb olunmalıdır”
ABŞ Prezidenti Administrasiyası Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa aktiv şəkildə cəlb olunmalıdır. Trend-in məlumatına görə, bunu ABŞ-ın Şeperd Universitetinin (Shepherd University) Siyasi Elmlər Departamentində köməkçi professor Cozef Robins jurnalistlərlə birgə keçirilən “dəyirmi masa”da ABŞ Prezidenti Barak Obamanın Cənubi Qafqaza dair siyasəti ilə bağlı suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, ABŞ xüsusilə qarşılıqlı maraqları olan region ölkələri ilə əməkdaşlığa çox fəal şəkildə cəlb olunmalıdır.
C.Robins deyib ki, ABŞ Konqresinə keçirilən son seçkilərdən sonra Respublika Partiyası öz mövqeyini gücləndirdi: “İndi onlar Konqresin hər iki palatasında çoxluq təşkil edirlər. ABŞ Prezidentini daha çox çətinlik gözləyir, hər iki partiya arasında daha çox qarşıdurma və daha az əməkdaşlıq olacaq”.
Köməkçi professor qeyd edib ki, çoxluq təşkil edən respublikaçılara baxmayaraq, ABŞ Prezidenti Konqresin qərarlarına hələ də veto qoya biləcək.
Belə vəziyyətdə 2016-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçıların qalib gəlmə şansı barədə danışarkən C.Robins qeyd edib: “Hazırda Prezident Obama miqrantlar barədə qanunun qəbul olunmasına çalışır. Respublikaçılar isə buna qarşıdırlar. Əgər respublikaçılar buna qarşı dursalar, əhalinin bu qrupunu təşkil edən insanların səsindən məhrum olacaqlar”.
Trend.az