ABŞ-ın nüfuzlu xəbər portalında Dağlıq Qarabağdakı separatçı rejimə yardım göstərilməsi tənqid edilib
Amerika Yəhudi Komitəsinin nümayəndəsi Devid Berşteynin ABŞ-ın “The Daily Caller” onlayn xəbər portalında Birləşmiş Ştatlar tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qanunsuz separatçı rejimə yardım göstərilməsinin fəsadları və bu tipli “humanitar yardım”dan sui-istifadə mövzusunda məqaləsi dərc olunub.
Trend-in məlumatına görə, məqalədə ABŞ administrasiyasının işğal edilmiş ərazilərimizdəki separatçı rejimə yardım etməsi tənqid edilərək, müqanişənin həllində əsas mediatorlardan olan Birləşmiş Ştatların bu tipli fəaliyyətdən əl çəkməsinin zəruriliyindən söz açılır.
Məqalədə Ukrayna hadisələri kontekstində ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsinə baxmayaraq, Dağlıq Qarabağ regionundakı separatçılara dəstək verməsinin anlaşılmazlıq və məyusluq doğurduğu bildirilir. Həmçinin məqalədə “Azadlığa Dəstək Aktı”na edilmiş 907 saylı düzəlişin ədalətsiz olduğu və mövcud reallıqları əks etdirmədiyi qeyd olunur. Kaliforniya qanunverici orqanı tərəfindən Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamə nümunə göstərilərək, ABŞ siyasətçilərinin şəxsi mənafelərini güdərək erməni lobbi qruplarından dəstək ummasının təəssüf hissi yaratdığı vurğulanır.
Müəllif ABŞ-ın müttəfiqlərinin maraqlarına qarşı fəaliyyətinin qəbuledilməz olduğunu və bu tip ziddiyyətli xarici siyasət kursundan əl çəkməsinin və tərəfdaşlarını lazımi şəkildə dəstəkləməsinin vacib olduğunu qeyd edir.
Trend.az