ABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıb
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Bazeldə bəyanatla çıxış ediblər. Bildiyiniz kimi, Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biridir və ümumi bəyanat həm də Birləşmiş Ştatların mövqeyini əks etdirir”.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.
D. Hoqan sülh danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını və narahatlıq keçirdiklərini söyləyib: “Biz hər iki tərəfi sülh danışıqları prosesinə dəstək verməyə çağırırıq”.
Diplomat bildirib ki, həmsədrlər bölgədə baş verən hadisələri yaxından izləyirlər və onların növbəti səfəri Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır: “Hökumətlər nə vaxt onlar üçün müəyyən tarix təyin etsələr, o zaman həmsədrlər bölgəyə səfər edəcəklər”.
Trend.az