AŞ PA Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasına qərar verdi
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2015-ci ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin qurumda səsvermə hüququnun dondurulmasına qərar verib.
Trend-in məlumatına görə, bu qərar Assambleyanın dördüncü iş günündə Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Ştefan Şennax tərəfindən hazırlanan “Əsaslı səbəblərə görə Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması” adlı hesabat ətrafında aparılan müzakirələrin sonunda və onun qətnamə layihəsinə keçirilən səsvermənin nəticəsində verilib.
Qeyd edək ki, 145 nəfər qətnamə layihəsinin lehinə, 21 nəfər isə əleyhinə səs verib. 22 nəfər bitərəf qalıb.
Bundan əlavə, Assambleya növbəti qış sessiyasına kimi Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi, eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına qərar verir.
Beləliklə, AŞ PA səsvermə hüququnu dondurmaqla, Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edir. Bundan sonra Rusiya nümayəndə heyəti 2015-ci ilin yanvar ayına kimi AŞ PA-da fəaliyyətini səsvermə hüququ olmadan davam etdirəcək.
Halbuki səsverməyə çıxarılan qətnamə layihəsinin 14-cü bəndinə təklif olunan 3, 6, 11 və 14-cü dəyişiklər ümumiyyətlə Rusiya nümayənədə heyətinin AŞ PA-da səlahiyyətləinin ləğvini nəzərdə tuturdu. Bu dəyişikliklərin heç biri səsvermədə Assambleya tərəfindən qəbul olunmadı.
Qətnamə layihəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyi dəstəklənir.
Qətnamə layihəsində deyilir: ” Assambleya hesab edir ki, Krımın işğalına, xüsusilə Ukrayna ərazisinin hərb yoluyla işğalına, eləcə də qondarna referendumun nəticələrinin tanınması və Krımın Rusiyaya birləşdirilməsinə gətirib çıxaran Rusiyanın hərəkətləri beynəlxalq hüququn, o cümlədən BMT Xartiyası və Helsinki Yekun Aktının pozulmasıdır. Bundan əlavə, Rusiyanın hərbi fəaliyyəti bir tərəfdən Rusiya, Böyük Briyaniya və ABŞ-la digər tərəfdən isə, Ukrayna, Belarus və Qazaxıstan arasında 1994-ci ildə imzalanmış memorandumun da pozulmasıdır. Bu hərəkətlər habelə Avropa Şurasının Nizamnaməsinə, xüsusilə onun Preambulasına və 1996-ci ildə Rusiyanın təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərə də ziddir”.
Trend.az