AŞ PA deputatları azərbaycanlı məcburi köçkünlərlə görüşüblər

Posted by

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) müxtəlif ölkələri təmsil edən deputatlar məcburi köçkünlərlə görüşüblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 15-də Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələri təmsil edən deputatlardan ibarət böyük nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olublar.

Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov avropalı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədi ilə görüşə gəldiklərinə görə təşəkkürünü bildirərək diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb və bunun nəticəsində ərazilərimizin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yaradılmış Azərbaycan modelinin artıq nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir olunduğunu və indiyədək həyata keçirilən tədbirlər barədə hərtərəfli məlumat verən G.Fərhadov bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 95 müasir tipli qəsəbə salınıb. G.Fərhadov bildirib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Proqramı və ona Əlavələr təsdiq edilib.

Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, 280 yerlik uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub, məktəbin həyətində pedaqoji kollektivin üzvləri ilə görüşərək fikir mübadiləsi aparıblar. Söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Elə bu məhəllənin özü, məhəllədə yaradılan şərait də bunları təsdiqləyir. Lakin bütün bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.

İstər qəsəbədə, istərsə də məktəbdə yaradılan hərtərəfli şəraitdən məmnunluqlarını ifadə edən avropalı qonaqlar söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildiriblər.

Trend.az