Aİ-nin ali nümayəndəsi Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton noyabrın 19-da Vyanada ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən məmnunluğunu ifadə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Aİ-nin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.
Məlumata görə, K.Eşton yüksək səviyyədə belə görüşlərin bərapa edilməsinə yardım etmək işində Minsk qrupunun həmsədrlərinin səylərini yüksək qiymətləndirib: “İki ölkə prezidentinin danışıqları davam etdirmək və yaxın aylarda yenidən görüşməyə razılıq verməsi ümid doğurur”.
K.Eşton, həmçinin qeyd edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması istiqamətində yeni cəhdlərdə iştirak etməyə və gələcəkdə Minsk qrupunun fəaliyyətini gücləndirməklə sülhməramlı səylərə yardım etməyə hazırdır.