Aİ Azərbaycanda QHT-lərin institusional inkişafı üzrə əməkdaşlıqda maraqlıdır
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri xanım Malena Mardla görüş keçirilib.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa İttifaqı ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir Aİ-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətindən bəhs edib. M.Mard Aİ-nin müxtəlif institutlarının ölkəmizdəki müvafiq qurumlarla əməkdaşlığının genişləndirilməsinə çalışdıqlarını deyib.
Səfir, eyni zamanda Şuranın dəstəyi ilə 2016-cı ildə təhsil sahəsində fəaliyyət göstərən QHT-lərlə daha yaxından işləməyi və onların layihələrinin maliyələşdirilməsini nəzərdə tutduqlarını qeyd edib. M.Mard regionlardakı QHT-lərin institusional inkişafı sahəsində də Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
A.Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın 2016-cı ildə regionlarda həyata keçirdiyi təlim və seminarlar haqqında səfirə ətraflı məlumat verib. O, Aİ ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.
Trend.az