Aİ: ATƏT məkanında həll edilməyən münaqişələr regionun təhlükəsizliyinə təhdiddir
ATƏT məkanında münaqişələr regionun sabitliyinə və təhlükəsizliyinə təhdiddir, onların sülh yolu ilə həll edilməsi üçün bütün səyləri göstərmək lazımdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Bazeldə ATƏT-in üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.
Onun sözlərinə əsasən, bu, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsinə, Gürcüstan, Moldova və Ukraynadakı münaqişələrə aiddir.
Ukrayna böhranına gəlincə, F.Moqerini qeyd edib ki, onun nizamlanması üçün hər hansı yeni prinsiplər hazırlamağa ehtiyac yoxdur: “Bu böhran mövcud prinsiplər çərçivəsində nizamlanmalıdır”.
Xanım Moqerini Ukraynada münaqişənin bütün tərəflərini Minskdə əldə edilmiş razılaşmalara hökmən riayət etməyə çağırıb.
Onun sözlərinə görə, bu razılaşmalar münaqişənin həlli üçün ən yaxşı yanaşmadır.
Trend.az