Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilir
Oktyabrın 22-də Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, Konfederasiyanın prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakov iclasda çıxış edərək bildirdi ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi Ümumhəmkarlar İttifaqları Konfederasiyasının ətrafında birləşib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2001-ci ildən bu təşkilatın üzvüdür və hazırda onun bütün rəhbər orqanlarında təmsil olunur.
M.Şmakov dedi ki, Azərbaycanda gedən ümumi inkişaf prosesləri ölkədə həmkarlar ittifaqlarının da inkişafına kömək edir. O, bugünkü iclasın təcrübə mübadiləsinin aparılması, həmkarlar ittifaqlarının inkişaf perspektivlərinin müzakirəsi baxımından önəmini qeyd etdi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında ölkəmizdə həmkarlar ittifaqı təşkilatlarının formalaşması və inkişafı məsələlərindən danışdı. Həmkarlar ittifaqı təşkilatlarının əlaqələrinin möhkəmlənməsində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının rolunu yüksək qiymətləndirən S.Mehbalıyev dedi ki, AHİK ilə bu təşkilata üzv olan digər birliklər arasında əlaqələr yüksək səviyyədədir.
Daha sonra gündəlikdə duran məsələlər müzakirəsi başlandı.
AzərTac.az