Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi layihəsinin icrasına başlanılıb

Posted by

Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi layihəsinin icrasına başlanılıbAzərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi layihəsinin icrasına başlanılıb

Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi layihəsinin icrasına başlanılıb

Oktyabrın 22-də Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi layihəsi”nin təqdimatı olub.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində Aİ-nin, BMqT-nin, Azərbaycanın Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Xarici İşlər nazirliklərinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Layihə insan hüquqlarına dair beynəlxalq və Avropa standartlarına hərtərəfli əməl etməklə 2012-ci ildə Aİ və Azərbaycan Hökuməti tərəfindən qəbul edilmiş Hərtərəfli İnstitusional Quruculuq proqramının ikinci İnstitusional İslahat Planına uyğun olaraq Aİ ilə Azərbaycan Respublikası arasındakı viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərində nəzərdə tutulan islahatların 2014-2017-ci illərdə səmərəli şəkildə həyata keçirilməsi ilə ölkəmizin miqrasiya idarəçiliyi potensialını gücləndirəcək.

Bu layihə müvafiq tələblərə cavab verən yanaşma əsasında və Azərbaycan Respublikasının dövlət qurumlarının xüsusi vəzifələrini və ehtiyaclarını nəzərə almaqla emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məsələlərindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyır. BMqT bu layihəni Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətləri, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə həyata keçirəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyəti layihədə tərəfdaş qismində çıxış edəcək.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalayıb. Layihənin məqsədinin dövlət orqanlarının potensialının gücləndirilməsi olduğunu qeyd edən P.Musayev Azərbaycan Hökuməti, o cümlədən DMX və digər qurumlarla BMqT arasında əməkdaşlığın daha da genişləndiyini söyləyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Azərbaycanda daim diqqətdə saxlanılan miqrasiya prosesləri ilə bağlı möhkəm hüquqi baza yaradılıb. Miqrasiya proseslərinin tənzimlənməsində əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların konvensiyalarına və mühüm sənədlərinə qoşulub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardin, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin rəisi Marat Kəngərlinski, BMqT-nin Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Renate Heldin çıxışlarında layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, büdcəsi 3,2 milyon dollar olan layihənin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. Məqsəd viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin həyata keçirilməsində, miqrasiya idarəçiliyində səmərəli mexanizmlərin yaradılması, sərhəd idarəçiliyi sahəsinin və insan alverinə qarşı mübarizənin gücləndirilməsidir. Qeyd olunub ki, Azərbaycan beynəlxalq miqrantlar üçün təyinat ölkəsinə çevrilib. Ölkələrin iqtisadiyyatına və mədəniyyətinə təsir edən miqrasiya düzgün tənzimlənməlidir. Azərbaycan ilə BMqT arasındakı səmərəli əməkdaşlıq bu istiqamətdə mühüm nəticələrə nail olmağa imkan verir

 

AzərTac.az