Bakıda İƏT-in Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin 2-ci iclası keçiriləcək
İyunun 16-da Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin 2-ci iclası keçiriləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmıtindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak edəcəklər.
İclasda sənaye mülkiyyəti hüquqlarının son tendensiyalarına baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmiz İƏT-in Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunmuşdur. Həmin gün Azərbaycanla yanaşı daha 5 ölkə (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) təşkilata üzvlüyə qəbul olunmuşdur. Bu hadisə hazırda “İƏT günü” kimi qeyd olunur.
İƏT-in Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin əsas məqsədi üzv ölkələr arasında sənaye mülkiyəti sahəsində əlaqələrin, habelə, iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir. Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən, patent sistemi, nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir.
Trend.az