9 Məşğulluq Mərkəzi 1 il ərzində cəmi 5 keçmiş məhkumu peşə kurslarına yönləndirib
Məlumdur ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də cəza çəkməkdən azad edilmiş edilmiş şəxslər cəmiyyətə inteqrasiyası zamanı bir çox problemlərlə üzləşirlər. Keçmiş məhkumların ən mühüm problemlərindən biri də məşğulluq məsələsidir. Bu səbəbdən də bizim milli qanunvericiliyimizdə keçmiş məhkumların xüsusi həssas qrup olması nəzərə alınaraq onların işlə təmin olunmasına əlavə təminatlar verilir.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin əsas fəaliyyət istiqamətləridən biri də cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına, onların məşğulluğunun təmin olunmasına ictimai dəstəyin verilməsidir. Təşkilatımız bir çox donorların dəstəyi ilə bu istiqamətdə bir çox layihələr həyata keçirmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Növbəti Şans – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsini icra edir. Layihə çərçivəsində keçmiş məhkumlara təmənnasız olaraq hüquqi, sosial və psixoloji xidmətlər göstərilir. Bu xidmətlər arasında onların işlə təmin olunmalarına yardım edilməsi də vardır. Layihənin icrası zamanı yaranmış zərurətdən irəli gələrək, təşkilat Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq Mərkəzlərində monitorinqlər aparmışdır. Monitorinqlər zamanı Məşğulluq Mərkəzlərində vətəndaşların, eləcə də keçmiş məhkumların işlə təmin olunma prosesi, “Məşğulluq haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunlarının icrası vəziyyəti öyrənilmişdir.
Monitorinq aparılmış Məşğulluq Mərkəzlərinə (Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Sabunçu, Səbail, Xətai, Xəzər, Yasamal rayonları) 2013 -cü il ərzində müraciət etmiş vətəndaşların (11291 nəfər) 56,7%-i işlə təmin edilib, 7.8 %-nə işsiz statusu verilib və işsizlik müavinəti təyin edilib, 7.9%-i peşə kurslarına cəlb edilib. İl ərzində bu 9 Mərkəzə ümumilikdə 90 keçmiş məhkum iş üçün müraciət edib. Bunlardan da 26-sı işlə təmin edilib. 2013-cü il ərzində cəmi 5 keçmiş məhkum peşə kurslarına yönləndirilib, 1 nəfər də olsun keçmiş məhkuma işsizlik müavinəti verilməmişdir.
Monitorinq zamanı bəlli olmuşdur ki, keçmiş məhkumların Məşğulluq Mərkəzlərinə müraciət statistikası (20 minə yaxın məhkumu olan ölkədə) çox aşağıdır və bu da onların qanunvericiliyin onlara verdiyi hüquqlar barədə məlumatsızlığından irəli gəlir. Digər tərəfdən hesab edilir ki, baxmayaraq ki keçmiş məhkumlar sosial müdafiəyə xüsusi ehtiyyacı olan kateqoriyaya aid edilir və dövlət onların məşğulluğunun təmin olunmasına əlavə təminatlar verir, Məşğulluq Mərkəzlərində keçmiş məhkumların işlə təmin olunması vəziyyəti qənaətbəxş səviyyədə deyildir.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 175-ci maddəsində deyilir ki, Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu məqsədlə Cəzaçəkmə Müəssisələrindən Məşğulluq Mərkəzlərinə məktublar göndərilir. Bu məktublarda həmin rayonda qeydiyyatda olan şəxsin azad olunacaq vaxtı və sosial adaptasiyaya, işlə təmin olunmaya ehtiyacı olması bildirilir. Monitorinq zamanı bu məktubların daxil olma vəziyyəti də öyrənilmiş və bəlli olmuşdur ki, bu iş qənaətbəxş səviyyədə aparılmır. Misal üçün, Sabunçu rayon Məşğulluq Mərkəzində 2013-cü il ərzində 39 keçmiş məhkum iş üçün müraciət etmişdir, Cəzaçəkmə Müəssisələrindən daxil olan məktublar sayı isə cəmi 3-dür.
Aparılmış monitorinqlərin nəticələrindən irəli gələrək hesab olunur ki:
• Cəzaçəkmə müəssisələri ilə Məşğulluq Mərkəzləri arasında əlaqələr möhkəmləndirilməli, cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması istiqamətində daha effektiv birgə fəaliyyətlər icra edilməlidir;
• Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 175.1.-ci maddəsində nəzərdə tutulmuş ( Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir) fəaliyyətlərin icrasına diqqət artırılmalıdır;
• Cəzaçəkmə Müəssisələrində sosial işçi ştatları açılmalı, sosial işçilər birbaşa olaraq məhkumların azadlığa hazırlanması, onların maarifləndirilməsi ilə məşğul olmalıdırlar. Bu istiqamətdə İctimai Sektorla əməkdaşlıq edilməsi məqsədəuyğun olardı, bu sahədə ixtisaslaşmış qht-lərlə birgə Cəzaçəkmə Müəssisələrində sosial otaqların yaradılması təklif olunur;
• Dövlət Məşğulluq Xidməti, Məşğulluq Mərkəzləri əməkdaşlarının “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri barədə məlumatlılıq səviyyələri artırılmalıdır;
• Cəza çəkməkdən azad edilmiş şəxslərin işlə təmin olunması, onların peşə hazırlığı işi sürətləndirilməli bu istiqamətdə müvafiq dövlət proqramları hazırlanmalı, bu sahəyə məsul qurumlarda ciddi islahatlar aparılmalıdır.
• 2007-ci ildə qüvvəyə minmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR qanununda nəzərdə tutulmuş Sosial Adaptasiya Mərkəzlərinin yaradılması işi sürətləndirilməlidir.