Bosniya və Herseqovinanın RTV kanalının saytında Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarı ilə bağlı məqalə yerləşdirilmişdir
Bosniya və Herseqovinanın RTV kanalının saytında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Sərsəng su anbarı ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bosniya və Herseqovinadan olan üzvü Milica Markoviçin qurum tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Sərsəng su anbarı ilə bağlı məruzəçi təyin olunması haqqında məlumat verilir. Yazıda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki mövcud problemlərlə bağlı araşdırmaların aparılmasının zəruriliyi vurğulanır.
Sərsəng su anbarı haqqında da məlumat verən müəllif bildirir ki, vaxtı ilə böyük bir ərazini suvarma suyu ilə təmin edən anbar önəmli içməli su qaynağıdır. Lakin anbarın yerləşdiyi ərazi 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır və burada uzun müddətdir təmir işləri aparılmamışdır. Avropa Şurası tərəfindən müvafiq istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, belə önəmli bir içməli su qaynağının münaqişə səbəbindən təhlükə altında olması təəssüf doğurur.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.rtvbn.com/29963/Milica-Markovic-rjesava-spor-u-Nagorno-Karabahu
AzərTac.az