Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəal üzvlərindən biridir
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri mayın 13-15-də Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi, əqli mülkiyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə müzakirələrin aparılması, F.Qarrinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi, həmçinin Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
BMT-nin 16 ixtisaslaşmış qurumlarından biri olan ÜƏMT dünyada əqli mülkiyyət sahəsində aparılan işlərin idarəçiliyini həyata keçirən Hökumətlərarası təşkilatdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Konvensiya 1967-ci ildə qəbul edilmişdir. Onun inzibati idarəçiliyi altında 26 konvensiya, müqavilə və saziş fəaliyyətdədir.
Azərbaycan Respublikası 1995-ci il dekabrın 25-dən bu təşkilatın üzvüdür. 2006-cı il martın 3-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanmışdır.
Azərbaycan Respublikası ÜƏMT-nin inzibati idarəçiliyini həyata keçirdiyi müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan bütün çoxtərəfli konvensiya və müqavilələrə qoşulmuşdur.
ÜƏMT ilə əməkdaşlıq çərçivəsində müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində bir sıra birgə beynəlxalq və regional tədbirlər, o cümlədən son 4 ildə 7 konfrans, seminar və “dəyirmi masa” təşkil edilmiş, layihələr həyata keçirilmiş, əqli mülkiyyət hüquqlarının qorunması və müdafiəsini təmin edən qanunvericilik bazasının formalaşdırılması, sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması, müəllif hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, hakimlər üçün bu sahə ilə bağlı xüsusi təcrübə və təlim kurslarının təşkili və s. istiqamətlərdə birgə işlər görülmüşdür.
ÜƏMT-nin 2010-cu il sentyabrın 16-17-də keçirilən nüfuzlu əqli mülkiyyət mütəxəssislərinin ikinci Qlobal Simpoziumunda “Azərbaycanda müəllif hüququ” (imkanlar və perspektivlər) mövzusunda təqdimatda son illər Azərbaycanın milli müəllif-hüquq sistemində baş verən dinamik inkişaf barədə geniş elmi və praktiki şərh verilmişdir.
Azərbaycan Respublikası 2013-cü ildə ÜƏMT-nin üzvü olan dövlətlərin Baş Assambleyasının 51-ci toplantısında ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə Komitəsinin, həmçinin Proqram və Büdcə Komitəsinin üzvü seçilmişdir.
Baş Assambleyanın qeyd olunan seçkilərində Azərbaycan nümayəndəsi iki il müddətinə “ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsi” üzrə Assambleyanın sədri seçilmişdir.
Azərbaycan nümayəndələri ÜƏMT-nin Baş Assambleyası, Hökumətlərarası və Daimi Komitələri çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olmuş, son vaxtlar ÜƏMT çərçivəsində qəbul edilmiş beynəlxalq müqavilələrin hazırlanması və qəbul edilməsi prosesində fəal iştirak etmiş, 2012-ci və 2013-cü illərdə “Audiovizual ifalara dair Pekin Müqaviləsi”ni və “Korların və görmə qüsurlu və ya çap məhsullarını qavramaqla bağlı digər əlilliyi olan şəxslərin nəşr əsərlərinə əlçatımlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”ni qəbul etmiş Diplomatik konfranslarda Mandat komissiyasının və Redaktə komitəsinin üzvü seçilmişdir.
AzərTac.az