Beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Posted by

Beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beşinci Beynəlxalq elmi konfransın iştirakçıları mayın 6-da Qubaya səfər etmişlər.

AzərTAc xəbər verir ki, 13 ölkənin təmsilçilərinin yer aldıqları beynəlxalq konfransın iştirakçıları səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər.

Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin A. Çikobava adına Linqivistika İnstitutunun direktor müavini, professor Mariam Mancqaladze kütləvi məzarlıqda beynəlxalq ekspertlər tərəfindən araşdırmaların aparılmasına böyük ehtiyac olduğunu bildirmişdir. Qeyd etmişdir ki, ötən əsrin əvvəllərində baş verənlərə mütləq aydınlıq gətirilməli, hamı həqiqəti bilməlidir.

Beynəlxalq konfransa İngiltərədən qatılan Neil Vatson da kütləvi məzarlıqda gördüklərinin faciəvi olduğunu dilə gətirmişdir. O, qeyd etmişdir ki, azərbaycanlıların başına gətirilənlər faciəvi xarakter daşıyır. Öldürülərək kütləvi məzarlıqda basdırılan insanlar günahsızdırlar. Üstündən uzun müddət keçməsinə baxmayaraq bu faktlar üzə çıxmışdır. Ümumiyyətlə, 1918-ci ildə Azərbaycanda baş verənlər haqqında dünya ictimaiyyəti çox az məlumatlıdır.

Daha sonra ziyarətçilər Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər vardır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer almışdır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır.

Bakı Slavyan Universitetinin prorektoru Oqtay Səmədov AzərTAc-a bildirmişdir ki, xarici ölkələrdən gəlmiş nümayəndələr arasında bir çox tanınmış filosoflar, tarixçilər, jurnalistlər vardır. Beynəlxalq konfransın iştirakçılarının Qubaya səfəri böyük əhəmiyyətə malikdir. Azərbaycanın dilbər guşələrindən olan bu rayon bütün dünyada millətlərarası sivil münasibətlərin formalaşdığı nümunəvi məkan kimi tanınır. Ona görə də konfrans iştirakçılarının Qubaya səfərini təşkil etmişik.

Günün ikinci yarısında konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Burada onlar Ulu Öndərin həyatı, fəaliyyəti və zəngin irsi, xüsusi guşələrdə uşaqlıq və gənclik dövrünü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə yaxından tanış olmuşlar.

Bundan sonra Mərkəzin konfrans zalında yerli ziyalıların da iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov çıxış edərək qonaqları salamlamış, onlara rayonun tarixi, mədəniyyəti və yerli əhalisi barədə ətraflı məlumat vermişdir.

“Dəyirmi masa” işini “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili və ədəbiyyatı” bölmələri üzrə davam etdirmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans işini may ayının 7-də yekunlaşdıracaqdır.

 

AzərTac.az