Azərbaycan parlamentinin spikeri Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid edib
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid edib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında O.Əsədov bildirib ki, həmsədrlər yeni bir “mövzu” ortalığa çıxarıblar, Dağlıq Qarabağı “tərəf” kimi göstərirlər: “Dağlıq Qarabağ adlı dövlət tanıyan varmı? Həmsədr təklif edir ki, Dağlıq Qarabağ tərəfdaş kimi olsun. Biz bu məsələlərə fikir verməliyik. Məsələ elə qoyulmalıdır ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilsin, bütün qurumlar bu istiqamətdə işləməlidir”.
Spiker deyib ki, hətta bu yaxınlarda ABŞ-da erməni diasporu belə bir tədbir keçirməyə hazırlaşırdı: “Bizim hörmətli amerikalı həmsədr həmin tədbirdə iştirak etməli idi. Şükürlər olsun ki, başa düşüb iştirak etmədi. Belə hallara yol vermək olmaz”.
Oqtay Əsədov ATƏT-in Minsk qrupunun hesabatının ATƏT PA-nın Azərbaycanda keçiriləcək 23-cü sessiyasına daxil olunmasını təklif edib: “Hesab edirəm ki, biz buna çalışmalıyıq. Hesabatın sessiyaya daxil edilməsi ölkəmiz üçün çox faydalı olacaq”.
Trend.az