Azərbaycanda hərbi məktəblərə keçid ballarının artırılması təklif edilir
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal altında olan rayonların orta məktəblərində bacarıqlı şagirdləri hərbi peşəyə istiqamətləndirmək üçün rayon icra başçıları və təhsil şöbələrinin rəhbərlərinə müraciət edib.
Trend xəbər verir ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndər Heydər Əliyev – qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul zamanı göstəricilərin yüksək olmasına xüsusi diqqət yetiriləcək: “Biz istəyirik bu gün məcburi köçkün gənclər hərbi məktəblərdə təhsil alsınlar. Onların biliyi, bacarığı, dil qabiliyyətləri, cəsarəti və iradəsi olsun. Bu il Hərbi Liseyə və ya Ali Hərbi Məktəbə qəbul olacaq məcburi köçkün uşaqların neçə bal toplamasına baxacağıq. Aşağı bal toplayan şəxslərin ora getməsi vacib deyil. Vacib odur ki, ora yüksək bal toplayanlar getsin. Əgər ora 500 bal toplayan getsə, biz onu qəbul edəcəyik. Bəli, onda bilinər ki, o həqiqətən hərbçi olmaq istəyir. Yoxsa aşağı balla ora girən şəxsdən nə hərbçi olacaq?!”
Bununla bağlı Baş nazirin müavini rayon icra hakimiyyətləri başçılarını və təhsil şöbələrini əməli iş görməyə çağırıb: “İndidən maraqlanın, hansı uşağın davranışı, nizam-intizamı, vətəpərvərlik hiss necədir, bilik və bacarığı necədir. Seçin və istiqamətləndirin. Məhz o cür uşaqlar gəlsin. Əks halda onlardan general olmayacaq. Adi bir kiçik zabit olacaq. Bizdə adi, sıravi zabitlər çoxdur. Bizə lazımdır ki, bacarıqlı zabit olsun və hərbi sahədə getdikcə yüksəlsin”.
Ə.Həsənov bildirib ki, məhz əslən işğal edilmiş rayonlardan olan şəxslərin hərbi peşəyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Biz qisasçı deyilik. Lakin torpağı azad etmək üçün qisasçı olmaq lazımdır. Əks halda biz torpaqları azad edə bilməyəcəyik. Necə olur, sən mənim anamı, bacımı o günə sal, mən də durub rahat baxım sənə?”
Məsələ ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında isə Əli Həsənov bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Onun fikrincə, bu işdə bütün cəmiyyət maraqlı olmalı və fəallıq göstərməlidir: “Bu, hansısa bir dövlət qurumunun, təkcə Təhsil Nazirliyinin borcu deyil. Bu, bütövlükdə cəmiyyətin borcudur. Valideyndən, uşaq bağçasından, məktəbdən başlamış bütün istiqamətdə iş aparılmalıdır ki, gənclər hərbi peşəyə yönəlsinlər. Çünki bizim torpaqlarımız işğal altındadır. Bizim 1 milyon 200 min nəfər qaçqın və məcburi köçkünümüz var. Düşmən hələ ki, bizim doğuldumuz torpaqlarda oturub. Doğulduğumuz torpağın üzərindəki düşməni orada saxlamaq, gözləmək bizə yaraşmayan işdir. Ona görə də biz elə gənclər yetişdirməliyik ki, o torpaqları azad etməyə həmişə hazır olsun.
Dünyada ədalətsizlik davam edir. Dünyada haqsızlıq baş alıb gedir. Xüsusən son vaxtlar ətrafmızda. Ermənilərə himayədarlıq edənlər artıq azğınlaşırlar. Ona görə də kimdənsə nəsə gözləmək artıq düzgün deyil. ATƏT-in Minsk qrupu o vaxt yaradılarkən məhz elə formalaşdırılıb ki, Dağlıq Qarabağ problemi öz həllini tapmasın. Ötən 20 il bunu göstərdi. Bizim bir güvənc yerimiz var – ölkəmizin Prezidenti, dövlətimiz, xalqımız, ordumuz”.
Trend.az