Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 281 712 nəfərdir
2014-cü ilin 1 aprel tarixinə respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1 281 712 nəfər təşkil edir. Onlardan yaşa görə əmək pensiyası alanların sayı 787 680 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 61,5 faiz olub.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, əlilliyə görə əmək pensiyası alanların sayı 356 188 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 27,7 faiz olub. Ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 137 844 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 10,8 faiz təşkil edir.
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2014-cü ilin 1 aprel tarixinə 171,7 manat olub.
Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 189,6 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 148,9 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 128,2 manat təşkil edir.
2014-cü ilin 1 aprel tarixinə əmək pensiyası alanların tərkibində qadınların sayı 773 113 nəfər, kişilərin sayı 508 599 nəfər olub. Həmçinin əmək pensiyası alanların tərkibində işləyənlərin sayı 2014-cü ilin 1 aprel tarixinə 129 591 nəfərdir.
Əmək pensiyası – “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü var – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Trend.az