Dövlət Sərhəd Xidmətinin rəisi Şəmkir şəhərində vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev aprelin 24-də Şəmkir Sərhəd Dəstəsində Şəmkir, Ağstafa, Qazax və Samux rayonlarından olan 30-dan artıq vətəndaşı qəbul etmişdir.
Vətəndaşlar qəbul zamanı əsasən qəbul, xidmət yerinin dəyişdirilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciət etmişlər.
Müraciətlərin bəziləri aidiyyəti struktur qurumları rəhbərlərinin iştirakı ilə araşdırılaraq yerindəcə həll edilmiş, bəziləri isə aydınlaşdırılması üçün nəzarətə götürülmüşdür. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həll edilməsi məqsədi ilə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.
AzərTac.az