İsveçrənin Qlion Ali Təhsil İnstitutunda təşkil olunmuş mədəniyyət yarmarkasında Azərbaycan ilə bağlı təqdimat keçirilmişdir
İsveçrənin mehmanxana biznesi üzrə ixtisaslaşan ali təhsil ocaqları arasında xüsusi nüfuzu ilə seçilən Qlion Ali Təhsil İnstitutunda mədəniyyət yarmarkası təşkil olunmuşdur.
Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə bu institutda təhsil alan azərbaycanlı tələbələr ölkəmizin mədəniyyətindən bəhs edən təqdimat keçirmişlər.
Təqdimat zamanı Azərbaycan milli musiqisi səsləndirilmiş, qonaqlara mədəniyyətimiz, incəsənətimiz, adət-ənənələrimiz barədə məlumatlar verilmiş, ölkəmizə dair müxtəlif suvenirlər və ədəbiyyat nümunələri nümayiş etdirilmişdir. Tədbirdə, həmçinin qonaqlar milli mətbəximizin ləziz təamlarından dadmaq imkanı əldə etmişlər.
Azərbaycan stendi ilə tanış olan institutun baş direktoru Cudi Hou ölkəmizlə bağlı guşənin onda böyük maraq doğurduğunu bildirmişdir. O, azərbaycanlı tələbələrin institutun ən fəallarından olduqlarını məmnunluqla qeyd edərək, belə bir tədbirdə soydaşlarımızın iştirakını yüksək qiymətləndirmiş, tələbələrin səfirliklə əməkdaşlığının vacibliyini diqqətə çatdırmışdır.
AzərTac.az