Nazir müavini: “Erməni vandalizmi nəticəsində Azərbaycanın 700-dən artıq mədəniyyət abidəsi dağıdılıb”
“Erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb. Ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması, başqa xalqların torpaqlarına göz dikməsi, mədəni irsinə təcavüz etməsi, tanınmış tarixi şəxsiyyətləri erməniləşdiirlməsi danılmaz faktdır”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Nazir müavini deyib ki, ermənilər adət-ənənələri, tarixi abidləri, musiqini, musiqi alətlərini, mətbəxi və digər nümunələri öz adlarına çıxmağa çalışır.
Bu məqsədlə ermənilərin hər bir yola, cinayətə əl atdıqlarını deyən nazir müavini vurğulayıb ki, Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününküləşdirilməsinə yol verilməməsi bu gün qarşıda duran ən ümdə vəzifələrdəndir: “Keçən il Azərbaycan beynəlxalq səviyyədə bu məsələni qaldıra bilib. Belə ki, ölkəmiz Haaqa Konvensiyasının müvafiq komitəsinə üzv seçilib və işğal olunan ərazilərdə mədəni irsin vəziyyətini iclasın gündəliyinə daxil edərək bu istiqamətdə müvafiq sənədin qəbul edilməsinə nail olub. Qobustan və İçərişəhərin UNESCO-nun gücləndirilmiş mühafizə statusunu alması da uğurların davamı kimi qiymətləndirmək olar”.
S.Məmmədəliyevanın sözlərinə görə, erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb: “Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələyə vahid kompleks yanaşma olmalı və həyata keçirilən tədbirlər sistemli və davamlı xarakter daşımalıdır”.
Apa.az