Ermənilərin Kəlbəcərin Başlıbel kəndində törətdiyi faciənin 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
Bu gün Bakıda Başlıbel faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
APA-nın məlumatına görə, tədbirə Kəlbəcər rayonundan olan ziyalılar, Başlıbel faciəsi qurbanları və onların yaxınları, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Əvvəlcə jurnalist Zülfüqar Hüseynzadə çıxış edərək Başlıbel faciəsi haqqında ətraflı məlumat verib: “Son illər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşilikləri var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarının da bununla bağlı kifayət qədər məlumatı yoxdur. Onlardan biri də ermənilərin Kəlbəcər rayonunun Başlıbel kənində törətdikləridir. İndiyədək faciə ilə bağlı respublikamızda da yetərincə məlumatlandırma aparılmayıb. Artıq bu faciədən 21 il ötür”.
Daha sonra jurnalistlər Xalid Kazımov, Etibar Ağayev, Elxan Salahov Başlıbel faciəsindən bəhs edən “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabı haqqında da məlumat veriblər.
Bildirilib ki, həmin kitab Azərbaycan və ingilis dilində çap olunub. Kitabda Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Kitabda erməni vandalizmi real faktlar əsasında təsvir edilib.
Çıxış edənlər ANS kanalında kəlbəcərlilərə qarşı səsləndirilən fikirlərə də münasibət bildiriblər. Tədbir müzakirələrlə davam etdirilib.
Apa.az