Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun nümayəndə heyəti ilə görüş olmuşdur
Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında olmuşdur.
Aparatın rəhbəri Aydın Səfixanlı ilə görüşdə qonaqlara Azərbaycan Ombudsmanının mandatı və səlahiyyətləri, fəaliyyətinin əsasları haqqında məlumat verilmişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu qurumun Azərbaycan Konstitusiyasında, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpası məqsədilə təsis edildiyi vurğulanmışdır. Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti və ona verilmiş yeni səlahiyyətlər, eyni zamanda, qanunvericilikdə edilmiş dəyişikliklər və görülmüş işlər haqqında qonaqlara ətraflı məlumat verilmişdir.
Lyubov Samokhinanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır.
AzərTac.az