Bakıda Milli Gimnastika Arenasının açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir
Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötmüşdür. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük töhfə verəcəkdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda təməli qoyulan Milli Gimnastika Arenasının inşası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayacaqdır.
Hazırda tərkibində idmanın dörd növünü – bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bütün bu nailiyyətlər birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olmuşdur. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlamışdır.
2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirilmişdir. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi etmişdir. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilmişdir. Bu işlərin nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olmuşlar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanmışdır. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxmışdır. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olmuşlar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil etmişlər.
İndi Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli bu idman yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.
Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış oldular və gimnastların məşq prosesinə baxdılar.
Dövlətimizin başçısı və xanımı gimnastlarla xatirə şəkli çəkdirdilər.
Burada da idmançılar üçün hər cür şərait yaradılmışdır. Avropa Gimnastika İttifaqının prezidenti də burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqı, Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir.
Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir. Aprelin 19-da isə bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı təşkil olunacaqdır. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışacaqlar. Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları nəzərdə tutulur. Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və iyunun 13-15-də təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıması yarışlara olan marağı daha da artırmışdır. Bundan əlavə, 2015-ci ildə baş tutacaq birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.
Prezident İlham Əliyevə “Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AİPS-nin tarixi” kitabının ilk nüsxəsi təqdim olundu.
Qeyd edildi ki, qurumun 90 illik tarixinə həsr olunan kitab Gənclər və İdman Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabın ilk 18 səhifəsi Azərbaycanda idmanın inkişafına həsr olunmuşdur.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
AzərTac.az