Oklahomada keçirilən forumda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan bəhs edilmişdir
Oklahoma ştatını təmsil edən konqresmen Cim Braydenstaynın təşəbbüsü ilə Talsa şəhərində fəaliyyət göstərən Oklahoma Universitetinin Şusterman Tədris Mərkəzində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna həsr olunmuş Qlobal enerji təhlükəsizliyi forumu keçirilmişdir. Forumda Azərbaycanın enerji siyasəti, ölkəmizin karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təminində rolu və Cənubi Qafqaz qaz boru kəmərinin bu xüsusda yaradacağı imkanlar ətrafında müzakirələr aparılmışdır.
Forumda çıxış edən konqresmen C.Brandenstayn Azərbaycanın əlverişli strateji mövqedə yerləşdiyini və regionda aparıcı dövlət olduğunu bildirmişdir. Konqresmen Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütdüyünü diqqətə çatdırmışdır. O əlavə etmişdir ki, məhz Azərbaycanın müstəqil xarici siyasəti nəticəsində regionda böyük neft-qaz və infrastruktur layihələri həyata keçirilir, Xəzər dənizinin neft-qaz resursları dünya bazarlarına çıxarılır. Konqresmen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində aparıcı dövlət olduğunu xüsusi vurğulamışdır. Azərbaycanın enerji siyasətinin perspektivlərindən və qlobal enerji təhlükəsizliyinə mümkün töhfələrindən danışan konqresmen baş verən geosiyasi dəyişikliklər kontekstində ABŞ-ın Cənubi Qafqaza strateji yanaşma tətbiq etməsinin və Azərbaycan ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov forumda çıxış edərək ölkəmizin enerji siyasətinin tarixi barədə məlumat vermişdir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi layihələrlə Xəzərin karbohidrogen ehtiyatlarının ilk dəfə olaraq dünya bazarlarına çıxarıldığı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin fəal rolu diqqətə çatdırılmışdır. Azərbaycanın neftlə yanaşı, zəngin qaz ehtiyatlarına malik olduğunu qeyd edən diplomat ölkəmizin son illərdə həm də etibarlı qaz təminatçısına çevrildiyini söyləmişdir. Cənubi Qafqaz boru kəmərinin reallaşdırılması və “Şahdəniz-2” yatağından qazın gələcəkdə Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə Avropaya nəqlinin qitənin enerji təhlükəsizliyinə mümkün təsirlərinə dair fikirlərini bölüşən səfir Azərbaycanın uğurlu enerji siyasətinin ölkə rəhbərliyinin uzaqgörən strateji yanaşması və praqmatik qərarlarının nəticəsi olduğunu vurğulamışdır. Səfir ABŞ-ın regionla bağlı davamlı və obyektiv yanaşmasının vacibliyini diqqətə çatdırmış, belə yanaşmanın bölgənin inkişafına və Birləşmiş Ştatların özünün strateji maraqlarına xidmət etdiyini söyləmişdir. Diplomat dövlətlərin ərazi bütövlüyü və suverenliyi kimi məsələlərdə ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə töhfə olacağını vurğulamışdır.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşmışdır.
Talsa sakinlərinin böyük marağına səbəb olmuş forumda Oklahoma ştatından yüksək vəzifəli rəsmilər, universitetlərin, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Oklahoma ştatının qubernatoru Mari Follin, Talsa şəhərinin meri Devi Bartlet, Oklahoma Dövlət Universitetinin rəhbərliyi ilə görüşlər keçirmiş və ikitərəfli əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparmışdır.
Enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş forum və Azərbaycan nümayəndə heyətinin səfəri Oklahoma ştatının iki əsas nüfuzlu mətbu orqanı – “The Oklahoman” və “Tulsa World” qəzetlərində geniş şəkildə işıqlandırılmışdır.
AzərTac.az