Rafael Hüseynov: Avropa Şurası Azərbaycana qarşı törətdiyi qanlı cinayətlərə görə Ermənistana cəza verməyibsə, bu, ikili standartın ən bariz örnəyidir
Avropa Şurası Azərbaycana qarşı törətdiyi qanlı cinayətlərə görə Ermənistana cəza verməyibsə, bu, ikili standartın ən bariz örnəyidir.
Trend-in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının dördüncü iş günündə Rusiya nümayəndə heyətinin qurumda səlahiyyətlərinin məhdudlaşdırlması məsələsinin müzakirələri kontekstində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov tərəfindən hazırlanan və bir daha Ermənistanın Azərbaycana təcavüzü məsələsini gündəmə gətirən sənəddə deyilir.
“AŞPA-da indi və bütün ötən dövrlərdə bizim apardığımız bütün müzakirələrin ortaq bir fəlsəfəsi var – həqiqət axtarışı. Qaynar, bəzi məqamlarda çılğın müzakirələr gedir, əsl həqiqəti isə bütün tərəfləri və rəngləri ilə görmək barədə heç düşünmək belə istəmirik. Bəzən deyirlər ki, həqiqət müqayisələrdə ortaya çıxır. Kiçik bir müqayisə aparaq və görək ki, bu saatlarda həqiqət axtaranların heç də səmimi həqiqətpərəst olmadığını sübut edən hansı danılmaz sübutlar meydandadır. Rusiyanı biz Krım probleminə görə ittiham edirik. Amma həmin hadisələri Parlament Assambleyasında araşdıraraq ona hüquqi qiymət verdiyi bir sənəd hələ ortada yoxdur. Halbuki Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü məsələsini dəqiq qiymətləndirən və 2005-ci il yanvarın 25-də Assambleyanın qəbul etdiyi ayrıca qətnamə var. Həmin qətnamə ilk bəndlərindəcə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını təsdiqləyir.
“Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyinə görə Avropa Şurası Ermənistana qarşı indiyədək hansı sanksiyalar tətbiq edib, nə zaman Ermənistanın səsvermə hüquqqunu müvəqqəti olsa belə əlindən alıb, nə vaxt Ermənistanı heç olmazsa indi Rusiyanı tənqid etdiyi kimi danlayıb, töhmətləndirib? Heç vaxt, heç bir tədbir görülməyib! Biz ədalətli, prinsipial olmalı olduğumuzu niyə yalnız indi Rusiyaya münasibətdə yada salırıq? Biz bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edir, istənilən işğalın əleyhinəyik. Hər bir cəza isə cinayətə uyğun, törədilmiş əməlin həcminə müvafiq olmalıdır. Ermənistanın digər üzv dövlətə, Azərbaycana qarşı törətdiyi qanlı cinayətlərin miqyasları çox nəhəngdir. Dağılmış şəhər və kəndlər, öldürülmüş insanlar, zəhərlənmiş təbiət, məhv edilmiş mədəni irs. Bütün bunlara görə Avropa Şurası hələ Ermənistana cəza verməyibsə, hətta bu barədə düşünməyibsə və Rusiyanı cəzalandırmaq məsələsini qaldırırsa, bu, ikili standartın ən bariz örnəyi deməkdir. Ermənistana cəza verilməmiş Avropa Şurasında heç vaxt hər hansı başqa bir ölkənin cəzalandırılmasına səs verməyə əl çətin qalxar”- sənəddə deyilir.
Millət vəkili sənəddə təcavüzkar Ermənistana ağır sanksiyaların tətbiq edilməsini tələb edir:
“Əgər Krım hadisələrinə görə Rusiyanı ilin sonunadək səsvermə hüququndan məhrum ediriksə, gərək onda qat-qat ağır cinayətkar olan və təcavüzkar olduğunu BMT-dən tutmuş AŞPA-ya qədər bir çox beynəlxalq təşkilatların rəsmi sənədləri ilə təsdiqlədiyi Ermənistana daha əvvəl bundan qat-qar ağır sanksiyalar tətbiq edək. Etməmişiksə, demək obyektiv olmamışıq, ədalətli olmamışıq, saxtakarlıq etmişik. Qəbul etmək istəmədiyimiz hərəkətlərin, baş vermişlərin və bu tipdə bundan sonra baş verəcəklərin günahkarı ən əvvəl Assambleyadır. Əgər vaxtında Ermənistan üçün bu mühakiməni qurmuş olsaydıq, bu gün və sabah belə müzakirələrə bəlkə də ehtiyac olmazdı. Təssüflər ki, gec ayılmışıq. Daha böyük günahkar hələ cəzalanmayıb. Mən əvvəl o günün gəlməsini gözləyirəm”.
R. Hüseynovun hazırladığı bu sənəd nəşr edilərək Parlament Assambleyasında yayılıb.
Trend.az