Azərbaycanda zəlzələyə davamlı tikinti materiallarına diqqət artır
Azərbaycan inşaatçıları 10 aprel İnşaatçılar gününü hamı üçün vacib olan mövzunun müzakirəsi ilə qeyd ediblər.
“Zəlzələyə davamlı tikinti materialları” mövzusunda keçirilən konfransda yerli tikinti şirkətlərinin nümayəndələri ilə yanaşı, Rusiyadan da mütəxəssislər qatılıb. Rusiya Məsaməli Beton İstehsalçıları Birliyinin sədri Qleb Qrinfeld məsaməli beton materialının seysmik zonalarda istifadəsinin üstünlüklərindən danışıb. Qrinfild məsaməli betonun 2013-cü ildə Rusiyada ən çox satılan tikinti materialı olduğunu əlavə edib.
“Tamamilə minerallardan olan məsaməli beton yüngüllüyü və möhkəmliyi sayəsində zəlzələyə yüksək dözümlülük nümayiş etdirir. Rusiyanın müxtəlif regionlarında, o cümlədən, Baykal bölgəsində ötən əsrin ortalarında tikilmiş evlərin dövrümüzədək tamamilə sağlam qalması qazobetonun – məsaməli beton materialının seysmik zonada sınaqdan alnıaçıq çıxdığını söyləməyə əsas verir”, – deyə tikinti materialları sahəsində geniş araşdırmaları ilə tanınmış rusiyalı mütəxəssis Q. Qrinfeld bildirib.
Konfrans iştirakçıları Rusiya Zəlzələyədavamlı konstruksiyaların tədqiqi və gücləndirilməsi laboratoriyasının rəhbəri, texnika elmlər namizədi Arkadi Qranovskinin təqdimatında məsaməli beton bloklarından olan divar konstruksiyalarının zəlzələdə sınaqdan keçməsi barədə nümunələrlə tanış olublar.
Konfransda Azərbaycanda zəlzələyə davamlı məsaməli beton istehsalı xüsusi uğur kimi vurğulanıb. Qafqazda ilk məsaməli beton markası olan “Gobustone”-nun mövcud beynəlxalq tələblərə cavab verdiyi iştirakçıların diqqətinə çatdırılıb.
AAC direktoru İsrail Asəliyev “Gobustone” məsaməli beton bloklarının – Almaniyanın “Wehrhahn“ firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında istehsal edildiyini bildirib. Konfransa qatılmış tikinti şirkətlərinin nümayəndələri qeyd etdilər ki, məsaməli beton bloklar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi ilə bərabər, əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə də fərqlənir. Hazırda Azərbaycanın bir sıra biznes və dövlət əhəmiyyətli obyektlərinin inşasında Gobustone materiallarından istifadə olunduğu vurğulanıb.
Qeyd edilib ki, hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərın tikilməsində “Gobustone”-un üstünlüyü yüksəkdir.
Apa.az